Thursday, January 27, 2011

Çirkli pulların yuyulmasının "Şirinlər" metodu

    Əvvəlcə Şirinlər haqqında

   Belçikalı rəssam Pierre Culliford'un 23 Oktyabr 1958-ci ildə "Le Journal de Spirou"da ilk dəfə görünən cırtdan boylu personajları: "Schtroumpfs"lar, daha sonra (1981) "Tom&Jerry"-nin prodüseri Hanna&Barbara tərəfindən "The Smurfs" cizgi serialında NBC telekanalının (ABŞ) efirinə çıxarıldılar və 256 seriya ilə 30-dan çox ölkədə məşhurlaşdılar. Hazırda bütün dünyada məşhur olan cırtdanlar bu il isə "SMURF'd" adlı tam metrajlı 3D filmdə görünəcəklər. Azərbaycan tamaşaçıları onları əsasən türkcə variantı olan "Şirinlər" adı ilə tanıyırlar.





    Şirinlər metodu

    Şirinlər metodu çirkli pulların yuyulması metodlarından biridir.
   
   "Çirkli pullar" məşhur ifadəsi cinayət yolu ilə qazanılmış pulları ifadə etmək üçün istifadə olunur. Çirkli pulların yuyulması dedikdə isə onların müxtəlif yollarla leqallaşdıraraq istifadəsi başa düşülür.

    Cinayət yolu ilə qazanılan və nəğd şəkildə yığılıb qalan külli miqdarda pulların, sahibləri tərəfindən "ürəyinistəyən" kimi xərclənməsi və "fırladılması" qeyri mümkün olduğundan, sahiblər üçün böyük məsrəflər hesabına olsa belə, onların maliyyə sisteminə keçirilməsi zərurəti yaranır. Lakin külli miqdarda nəğd pulları hesab açaraq banka yatırmaq istədikdə həmin pulların mənşəyinin bəyanı tələb olunacaq, tələb olunmasa belə onlar nəzarətə götürüləcəkdir. Deməli sahiblər üçün, pulları qanunun tələblərindən yan keçərək "təmiz pullar" kimi maliyyə sisteminə keçirmək lazımdır.

   Bu baxımdan Çirkli pulların yuyulmasının birinci mərhələsini "onların maliyyə sisteminə yerləşdirilməsi" təşkil edir.

    Burada bir məqam "Yuyuculara" köməyə gəlir ki, hesaba yatırılmaq istənilən pullar yalnız qanunla müəyyən edilmiş minimum məbləğdən (məsələn ABŞ-da $10000, Türkiyədə $50000) çox olduqda onların mənşəyinin bəyan edilməsi tələb edilir. Bu məqamdan istifadə edən "Yuyucular" çirkli pulları çoxsaylı "əlaltı"ları (fiziki şəxslər) arasında minimum məbləğdən aşağı miqdarlarda bölüşdürərək (məsələn ABŞ-da hərəyə $9000) onlardan şəxsi bank hesabı açıb pulu ora yatırmalarını tələb edir. Beləliklə çirkli pullar qanuni tələblərdən yan keçərək "təmiz pul kimi" maliyyə sisteminə yerləşdirilir. Həmin şəxslərə bu işlər üçün verilən "xidmət haqqları" isə "Moyka xərcləri" kimi qəbul edilir.

    Müxtəlif "yuyucu vasitələrdən" yalnız biri olan bu metodu "Çoxsaylı balaca adamlar", yəni Smurfs  (Şirinlər) metodu adlandırırlar. Yəni Çirkli pullar çoxsaylı "balaca" miqdarlara bölünüb ayrı-ayrı "balaca adamlar" - Şirinlər vasitəsilə şəxsi bank hesablarına, beləliklə maliyyə sisteminə yerləşdirilərək qanuni statusa qovuşur.

    Qeyd: Lakin həmin pullar hələ istifadə üçün uyğun deyil. Onlardan necə istifadə ediləcəyi məsələsi isə "Yuma" prosesinin növbəti mərhələlərində (iz itirmə və cəmləşdirmə) həll olunur.

Istifadə olunmuş ədəbiyyat:
1. Smurfs' official site, http://www.smurf.com/
2. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digəəmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında AR Qanunu, http://www.meclis.gov.az/?/az/legislation/view/1405
3. MASAK, Suç Gelirlerini Aklama Yöntemleri, ttp://www.masak.gov.tr/SucGelirlerininAklanmasi/genel_bilgi.htm#
4. М.Г.Жук, Криминалистические аспекты экономической безопасности государства, http://adhdportal.com/book_1440.html
5. Çirkli pulların yuyulmasına qarşı banklar və hüquq mühafizə orqanları arasında qarşılıqlı yardım olmalıdır, 12.07.2005, http://az.trend.az/capital/business/808983.html
6. Освальдо Кукуцца, Отмывание денег и мировая экономика, http://www.archipelag.ru/geoeconomics/osnovi/geoeconomics/clear-out/
7. Борис Потемкин. Способы и условия отмывания денег,12-летний опыт частного инвестора, http://finance.sitecity.ru/ltext_1912054651.phtml?p_ident=ltext_1912054651.p_0106220129

No comments:

Post a Comment