Friday, September 30, 2011

Oğrular cibinizdəki plastik kartları "görürlər" (Video)




 Cibinizdə çipli plastik kartınız varsa, məsafədən sizin kartınız haqqında məlumat almaq mümkündür. 

  Wireless qoşulmanı dəstəkləyən Netbuklarına xüsusi oğru proqramını yükləyən oğrular küçədə, bazarda sizin yanınızdan keçməklə çox asanlıqla plastik kartınız haqqında onlara lazım olan məlumatları almaq imkanına malikdirlər.

 Bu məlumatlar sayəsində oğrular sizin kartınızdan müxtəlif əməliyyatlar üçün istifadə etmək imkanı qazanırlar. Bu riskdən qorunmaq üçün xüsusi qoruyuculardan istifadə etmək faydalı ola bilər.
Videoya baxmaq üçün linklər:
Link 1
Link 2
Link 3

Thursday, January 27, 2011

Çirkli pulların yuyulmasının "Şirinlər" metodu

    Əvvəlcə Şirinlər haqqında

   Belçikalı rəssam Pierre Culliford'un 23 Oktyabr 1958-ci ildə "Le Journal de Spirou"da ilk dəfə görünən cırtdan boylu personajları: "Schtroumpfs"lar, daha sonra (1981) "Tom&Jerry"-nin prodüseri Hanna&Barbara tərəfindən "The Smurfs" cizgi serialında NBC telekanalının (ABŞ) efirinə çıxarıldılar və 256 seriya ilə 30-dan çox ölkədə məşhurlaşdılar. Hazırda bütün dünyada məşhur olan cırtdanlar bu il isə "SMURF'd" adlı tam metrajlı 3D filmdə görünəcəklər. Azərbaycan tamaşaçıları onları əsasən türkcə variantı olan "Şirinlər" adı ilə tanıyırlar.





    Şirinlər metodu

    Şirinlər metodu çirkli pulların yuyulması metodlarından biridir.
   
   "Çirkli pullar" məşhur ifadəsi cinayət yolu ilə qazanılmış pulları ifadə etmək üçün istifadə olunur. Çirkli pulların yuyulması dedikdə isə onların müxtəlif yollarla leqallaşdıraraq istifadəsi başa düşülür.

    Cinayət yolu ilə qazanılan və nəğd şəkildə yığılıb qalan külli miqdarda pulların, sahibləri tərəfindən "ürəyinistəyən" kimi xərclənməsi və "fırladılması" qeyri mümkün olduğundan, sahiblər üçün böyük məsrəflər hesabına olsa belə, onların maliyyə sisteminə keçirilməsi zərurəti yaranır. Lakin külli miqdarda nəğd pulları hesab açaraq banka yatırmaq istədikdə həmin pulların mənşəyinin bəyanı tələb olunacaq, tələb olunmasa belə onlar nəzarətə götürüləcəkdir. Deməli sahiblər üçün, pulları qanunun tələblərindən yan keçərək "təmiz pullar" kimi maliyyə sisteminə keçirmək lazımdır.

   Bu baxımdan Çirkli pulların yuyulmasının birinci mərhələsini "onların maliyyə sisteminə yerləşdirilməsi" təşkil edir.

    Burada bir məqam "Yuyuculara" köməyə gəlir ki, hesaba yatırılmaq istənilən pullar yalnız qanunla müəyyən edilmiş minimum məbləğdən (məsələn ABŞ-da $10000, Türkiyədə $50000) çox olduqda onların mənşəyinin bəyan edilməsi tələb edilir. Bu məqamdan istifadə edən "Yuyucular" çirkli pulları çoxsaylı "əlaltı"ları (fiziki şəxslər) arasında minimum məbləğdən aşağı miqdarlarda bölüşdürərək (məsələn ABŞ-da hərəyə $9000) onlardan şəxsi bank hesabı açıb pulu ora yatırmalarını tələb edir. Beləliklə çirkli pullar qanuni tələblərdən yan keçərək "təmiz pul kimi" maliyyə sisteminə yerləşdirilir. Həmin şəxslərə bu işlər üçün verilən "xidmət haqqları" isə "Moyka xərcləri" kimi qəbul edilir.

    Müxtəlif "yuyucu vasitələrdən" yalnız biri olan bu metodu "Çoxsaylı balaca adamlar", yəni Smurfs  (Şirinlər) metodu adlandırırlar. Yəni Çirkli pullar çoxsaylı "balaca" miqdarlara bölünüb ayrı-ayrı "balaca adamlar" - Şirinlər vasitəsilə şəxsi bank hesablarına, beləliklə maliyyə sisteminə yerləşdirilərək qanuni statusa qovuşur.

    Qeyd: Lakin həmin pullar hələ istifadə üçün uyğun deyil. Onlardan necə istifadə ediləcəyi məsələsi isə "Yuma" prosesinin növbəti mərhələlərində (iz itirmə və cəmləşdirmə) həll olunur.

Istifadə olunmuş ədəbiyyat:
1. Smurfs' official site, http://www.smurf.com/
2. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digəəmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında AR Qanunu, http://www.meclis.gov.az/?/az/legislation/view/1405
3. MASAK, Suç Gelirlerini Aklama Yöntemleri, ttp://www.masak.gov.tr/SucGelirlerininAklanmasi/genel_bilgi.htm#
4. М.Г.Жук, Криминалистические аспекты экономической безопасности государства, http://adhdportal.com/book_1440.html
5. Çirkli pulların yuyulmasına qarşı banklar və hüquq mühafizə orqanları arasında qarşılıqlı yardım olmalıdır, 12.07.2005, http://az.trend.az/capital/business/808983.html
6. Освальдо Кукуцца, Отмывание денег и мировая экономика, http://www.archipelag.ru/geoeconomics/osnovi/geoeconomics/clear-out/
7. Борис Потемкин. Способы и условия отмывания денег,12-летний опыт частного инвестора, http://finance.sitecity.ru/ltext_1912054651.phtml?p_ident=ltext_1912054651.p_0106220129

Wednesday, January 12, 2011

Kibrit Kralı: Ivar Kreuger

    Maliyyə fırıldaqları haqda Blog açıb XX əsrin ən böyük fırıldaqlarından birinə imza atmış Ivar Kreuger haqda danışmamaq özü bir fırıldaq olardı. Bu məşhur isveçli kibrit istehsalı ilə məşğul olan ailə bizneslərini genişləndirmək üçün müdhiş ideyalarını reallaşdıraraq iki dünya müharibəsi arasındakı dövrün ən məşhur zənginlərindən birinə çevrilmişdi. Hətta "Kibrit Kralı" adını qazanmışdı. Onun bu cür varlanması və məşhurlaşmasının əsasında isə çox böyük maliyyə fırıldağı dayanırdı.

    Ivar Kreuger insanları şirkətinin maliyyə vəziyyətinin çox gözəl olduğu yalanı ilə inandıraraq pul vəsaitləri cəlb etməyə başladı. Bunun üçün o, ABŞ-da səhmlər və istiqraz vərəqələri buraxdı və külli miqdarda vəsait toplaya bildi. Toplanmış vəsait üçün isə çox gözəl təyinat tapmışdı.

    1920-ci illər ərzində Kreuger həmin vəsaitləri Birinci Dünya Müharibəsi sonrası iqtisaddiyyatı çökmüş ölkələrə borc verməyə başladı. Əvəzində isə çox aşağı dərəcəli faiz və həmin ölkənin "Kibrit sənayesini" istəyirdi, yəni ölkənin kibrit istehsalı sahəsini öz inhisarına alırdı.

Kreugerin verdiyi borclar:
(Cəmi: $ 387 000 000, 1998-ci il dəyəri ilə təxminən $ 35 000 000 000)
Polşa           1925    $ 6 000 000
Yunanıstan  1926    Skr 10 000 000
Ekvador       1927    $ 2 000 000
Fransa         1927    $ 75 000 000
Yuqoslaviya 1928    $ 22 000 000
Macarıstan   1928    $ 36 000 000
Almaniya     1929     $ 125 000 000
Ekvador      1929     $ 1 000 000
Latviya        1929     $ 6 000 000
Rumıniya    1929    $ 27 000 000
Polşa          1930    $ 32 400 000
Litva            1930    $ 6 000 000
Danzig        1930    $ 1 000 000
Boliviya       1930   $ 2 000 000
Estoniya     1930    Skr 7 600 000
Qvatemala  1930    $ 2 500 000
Türkiyə        1930    $ 10 000 000 
Almaniya     1930    Skr 56 000 000 ( Yunq planı üçün)
Yunanıstan  1931    Skr 10 000 000
Və ən sonuncusu
Ivar Kreuger 1932   mm   9

    Bəli, Kibrit Kralının sonu intihar oldu. 1932-cu il martın 12-də Parisdəki evində ürəyində 1 güllə, sol əlində 9 mm kalibrli Browning markalı tapança ilə cəsədi tapıldı.

       Piramida

    1929-cu ilə qədər işləri yaxşı gedirdi, hətta o dərəcədə yaxşı ki, 1929-cu ilin oktyabrında özünün ən böyük həcmli kreditini - 125 mln dolları Almaniyaya vermişdi. Ancaq bir neçə gündən sonra baş verəcək Qara Bazar Ertəsi və Qara Çərşənbə Axşamı (1929 Birja İflası) hər şeyi dəyişdirdi.

      Qara günləri başlayan Ivar qurduğu "Piramidanı" artıq davam etdirə bilmədi.

    Bu piramidada Ivar buraxdığı səhm və istiqrazlara görə alıcılara yüksək faizlər söz verirdi (25%). Belə səhmlər əlbəttə çox cəlbedici idi. Həm də axı Ivar sözünün üstündə dururdu - Səhm və istiqraz sahiblərinə vaxtında dividendləri ödəyirdi, əlbəttə ki, getdikcə daha çox etibar qazanan Ivarın Piramidasına yeni üzv olanların pulları hesabına.

   1932-ci ildə Piramida iflasa uğradı. Amma maraqlıdır ki, səhm və istiqraz sahiblərinə borcların böyük bir hissəsi geri qaytarıldı. Çünki, Kreuger dövlətlərə verdiyi borclar müqabilində həmin ölkələrdəki kibrit istehsalını inhisara keçirərək çox böyük bir beynəlxalq sənaye şəbəkəsi qurmuşdu (İspaniya, Avstriya, Çexoslovakiya, İtaliya, Fransa, Əlcəzair, Estonia, Latviya, Finlandiya, Polşa, Türkiyə, Filippin, Norveç, Yuqoslaviya, Danimarka, ABŞ, İsveç, Hollandiya, Almaniya, Belçikadakı kibrit və digər sahələrə aid, hətta qızıl və dəmir mədənləri müəssisələri əhatə edirdi). Bugünə kimi Ivar Kreugerin şirkəti fəaliyyətini davam etdirməkdədir.

     Tərəzi

     Ivar Kreuger, qurduğu maliyyə piramidasının pullarını dünya müharibəsindən "yesir kökündə" çıxan ölkələrə borc vermək sayəsində beynəlxalq kibrit istehsalı şəbəkəsi qurmuşdu və bu sahəni bir çox ölkələrdə (SSRİ-yə aid planları da var idi) inhisarında tutaraq milyonlar qazanmağa nail olmuşdu. Həm də həmin ölkələri iqtisadiyyatlarını dirçəltmək üçün vəsaitlə təmin edirdi. Bəlkə də bunu Kreugerin piramidasının yeganə müsbət tərəfi kimi hesab etmək olardı :)))

    Digər tərəfdən Kreugerin bu maxinasiyası şirkət mühasibatlarının şəffaflaşdırılmasının zəruri olduğunu ortaya qoyaraq, ABŞ-da və dünyada mühasibatlıqda şəffaflıq standartlarının inkişafına təkan verdi. Məhz bunu Kreugerin bəşəriyyətə bir "töhfəsi" kimi qəbul etmək olar :))


İstifadə olunmuş materiallar:

1. Chronology Kreuger, http://www.qikrux.com/kreuger/chronol.htm 
2. The organization of the Kreuger trust, http://www.qikrux.com/kreuger/bakgrund.htm
3. Bill Wilson ,Kreuger: The original Bernard Madoff?, BBC News, 13 March 2009, http://news.bbc.co.uk/2/hi/business/7939403.stm
4. Güven SAK, Yoksa bu muhasebe kuralları, krizi daha da derinleştiriyor mu, Referans Gazetesi, 01.03.2008, http://www.referansgazetesi.com/haber.aspx?HBR_KOD=91522
5. Ivar Kreuger, http://en.wikipedia.org/wiki/Ivar_Kreuger




Sunday, January 09, 2011

Plastik kart oğruları

    Bu günkü həyatımızı Plastik Kartlarsız təsəvvür etmək çətindir. Əmək haqqı, pensiya, tələbə təqaüdü və digər  ödənişləri nəğd pula çevirmək, mağazalarda alış-veriş etmək, bank hesablarımızdakı şəxsi pullarımızı dünyanın istənilən yerində istifadə etmək və nəhayət internet üzərindən hər hansı bir mal almaq üçün Plastik Kartların xidmətlərindən istifadə edirik.

    Hər bir sahədə olduğu kimi "Kirli Əməllər" Plastik Kart istifadəçilərindən də yan keçmir. Hər dəfə ondan istifadə edərkən oğurluq riski ilə üz-üzə qalmaq ehtimalı vardır. Burada "Oğurluq" dedikdə Plastik kartın fiziki oğurlanması ilə yanaşı plastik kartın aid olduğu bank hesabındakı pulun "oğurlanması" da başa düşülməlidir. Çünki kartı fiziki oğurlamadan da onun üstündəki məlumatları və PİN KOD-u bilərək kartın aid olduğu hesabdakı pulları oğurlamaq olar.

    Bu yazımda plastik kartların mümkün oğurluq ssenariləri barədə yazmağa çalışmışam, oxuyanların bu ssenarilərin qurbanı olmaması üçün faydalı olacağı ümidilə.

    Beləliklə,

    Mümkün oğurluq ssenariləri

A. Kartın fiziki oğurlanması və ya itməsi.

Kartı oğurlayan Oğru və ya tapan şəxs aşağıdakı hallarda kartın "içini boşalda" bilir:

- Kartın üzərinə əvvəlcədən kart sahibi tərəfindən PİN KOD mismarla, açarla vəya başqa iti uclu əşyayla cızıldıqda.

- PİN KOD-un yazıldığı kağız parçası qısqac (skrepka) vasitəsilə karta bərkidildikdə.

- PİN KOD-u əvvəlcədən bildiyi hallarda

B. Kart üzərindəki məlumatların və PİN KOD-un oğurlanması

     Belə ki, kartın üzərindəki məlumatlar və PİN KOD-un hər ikisini də bilməklə internetdə alış-veriş etmək, kart hesabından başqa hesaba pul köçürmək mümkündür. Burada 7 müxtəlif mümkün alt-ssenari qeyd etmək olar:

1. Bankomatdan pul çıxardarkən arxadakı və ya yandakı Oğru vizual olaraq bu məlumatların hər ikisini və ya birini "oğurlayır"

2. Hər hansı bir idarə, müəssisəyə kartın fotosurətini verdikdə Oğurluq riski yaranır.

3. Bankomatın yaxınlığında (məsələn ağacın üstündə) quraşdırılan gizli kamera bu məlumatların hər ikisini və ya birini "oğurlayır"

4. Bankomatın klaviaturasının üzərinə bankomatın öz klaviaturasına oxşayan və düymələri onunla üst-üstə düşən əlavə klaviatura qurğusu yerləşdirilir. Müştəri fərqi hiss etmədən bankomatda öz əməliyyatını edir. Həmin qurğu müştərinin basdığı düymələri ardıcıllığı ilə birlikdə yadda saxlayır. Yəni PİN KOD"u da həmçinin oğurlayır.

5. Kart yerləşdirilən "yuvaya" kartın üstündəki məlumatları yadda saxlayan qurğu yerləşdirilir.

6. Bankomat qurğusuna və ya aid olduğu şəbəkəyə xüsusi qurğular vasitəsilə qoşulub məlumatlar əldə edilir.

7. Oğrular "xərcə girərək" Saxta Bankomatlar quraşdırırlar. Bu bankomatlara kartı saldıqdan və PİN KOD daxil edildikdən sonra ekranda Bankomatın xarab olduğu haqda yazı yazılır və kart qaytarılır, amma saxta bankomatın içərisinə quraşdırılan qurğu lazımi məlumatları artıq oğurlayıb.

C. Kombinə edilmiş ssenari.
  
     Bəzən Oğrular, müxtəlif bacarıqlarını, həmçinin aktyorluqlarını da kombinə edərək maraqlı ssenarilər ortaya qoyurlar:

      Bankomatda kart yerləşdirilən "yuva"ya kardondan xüsusi "zərflər" qoyulur. Kimsə kartını ora saldıqda bankomat kartı oxumur və kart yuvadan çıxmır. Müştəri narahat olmağa başlayır. Zərfi ora yerləşdirən Oğru yaxınlıqdadır və müştərinin yığdığı PİN KOD-u izləyir və ya izləyə bilmədikdə ona yaxınlaşıb deyir ki: "Mənimlə də belə hadisə baş verib PİN KODu yığdım və 2 dəfə dalbadal Cancel düyməsini basdım" Beləliklə PİN KODu öyrənir. Kartın çıxmadığını görən Müştəri problemin həlli üçün həmin bankın yaxınlıqdakı şöbəsini axtarmağa gedir. Oğru isə "necə yerləşdirmişdisə eləcə də" həmin zərfi kartla birlikdə çıxarır və kartla istədiyi əməliyyatı edir.

D. İnternet üzərindən oğurluq.

     Həmçinin internetdə də bu cür oğurluq halları mümkündür. İki ssenari nümunəsini gözdən keçirək:

1. Kitab satışı ilə məşğul bir saytda hər hansı  kitabı seçdikdən və SATIN AL düyməsinə basdıqdan sonra ödənişin həyata keçirilməsi üçün Kartın üzərindəki məlumat (nömrələr) və PİN KOD-un daxil edilməsi istənilir. Məlumatlar daxil edilir və ÖDƏ düyməsinə basılır. Nəticədə ya səhifə bağlanır, ya da "Ödəniş Həyata Keçirilmədi" yazılır. Dəfələrlə təkrar əməliyyat edilsə də nəticə eyni olur: "Ödəniş Həyata Keçirilmədi". Çoxları nə baş verdiyini anlamır, saytın xarab olduğunu düşünürlər və bu hadisəni yaddan çıxarırlar. Ta ki kart hesablarından pulların yoxa çıxdığını öyrənənə qədər. Sən demə saxta sayt imiş və kart məlumatlarını oğurlamaq üçün nəzərdə tutulubmuş.

2. Müştərinin Elektron adresinə Kartı verən Bankdan təxminən belə məzmunda məktub gəlir: "Hörmətli müştəri sistemi yenilədiyimiz üçün kartınızı da yeniləməyiniz lazımdır. Əks halda kartınız bir həftə içərisində blok olunacaq. Bunun üçün aşağıdakı linki istifadə edin.". Müştəri həyəcan içərisində həmin linki tıklayır. Həmin bankın Yenilənmə mövzusunda bir alt səhifəsi açılır. Müştəri o səhifədə müvafiq yerlərə Kartın nömrəsini və PİN KOD-unu yazır, və YENİLƏ düyməsini tıklayır. Nəticə: "Kartınızı Yenilədiyiniz üçün Çox Sağolun". Müştəri uğurlu əməliyat etdiyi üçün sevinir. Ta ki hesabından pullarının silindiyini öyrənənə qədər.

    Birincisi, Müştəri gələn elektron məktubun ünvanına diqqətlə baxsa idi, görərdi ki, bu saxta ünvandır. Yəni həmin bankın adına oxşadılaraq hazırlanıb.

    İkincisi, Müştəri məktubdakı linkə tıkladıqdan sonra açılan səhifənin həmin banka aid olmadığını başa düşməli idi. Nə olsun ki, səhifə həmin bankın korporativ rəngləri və loqosu ilə bəzədilib, internet ünvanına diqqət etmək lazım idi.

     Üçüncüsü isə, məktubu alan kimi banka zəng edib bu haqda soruşmaq da olardı.


    Göründüyü kimi çox maraqlı ssenarilər mümkündür. Əsas odur ki, bu ssenarilərin qurbanı olmayasan. Bütün bu ssenarilərin qurbanı olduğunu anladıqda isə belə bir ssenari köməyə gələ bilər:

     Kartın oğurlandığını və ya itdiyini və ya kart hesabındakı vəziyyətin şübhəli olduğunu başa düşən kart sahibi dərhal Xidmət Mərkəzinin Nömrəsini  (Hər bir kartın üzərində, əsasən arxa tərəfində həmin karta xidmət edən Mərkzin telefon nömrəsi vardır) yığıb kartın oğurlandığı haqda məlumat verir. Kart dərhal bloka salınır.
  
     Kart sahibinin müraciəti ilə Bank və Müvafiq Orqanlar oğrunun şəxsiyyəti müəyyənləşdirilə bilər. (Hər bir bankomatın içərisində kamera yerləşdirilib. Kameranın üstü qara lentlə örtüldüyündən görünmür. Kamera bankomata kart salıb əməliyyat edən hər bir şəxsin 2-3 şəklini çəkir. Bundan əlavə bankomatların üzərində izləmə kameraları da qoşulur.)

    Maraqlı məqamlar

1. Maraqlı orasıdır ki, Xidmət Mərkəzinin nömrəsi kartın üzərindədir. Kart oğurlananda (itəndə) o nömrəylə birlikdə oğurlanır (itir), necə deyərlər "it də gedir, ip də". Bu halda digər kartların üzərinə baxmaq olar, həmin nömrə onların üstündə də var. Bəs bütün kartların adətən hamısı birlikdə yerləşdiyi Cüzdan oğurlandıqda nə etməli ? :-) Yəqin ki əzbərləmək lazımdır :-)))))

2. İkinci maraqlı məqam da odur ki, kartdan pulların ya hamısının, ya da müəyyən bir hissəsinin "yoxa çıxması" barədə banka və müvafiq orqanlara müraciət sonrasında "Oğru"nun şəxsiyyəti müəyyənləşdirilir və "Oğru"nun fotosu müştərinin qabağına qoyulur: "Dəhşət, bu ki mənim oğlumdur (qızımdır, ərimdir, arvadımdır ... və s. )   :-))))))))))))